Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin rəhbərləri ilə videokonfrans keçirilib
Ağcabədi, 11 aprel, AZƏRTAC
Ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Ağcabədi Regional Mədəniyyət İdarəsini əhatə edən müəssisələrin fəaliyyəti əsasən internetin geniş imkanlarından istifadə edilməklə qurulur. Bu imkanlar xalqımızın zəngin mədəni irsini təbliğ etməyə, mədəniyyət ocaqları, xalq yaradıcılığı, incəsənət ustaları, sənətkarlar və sair barədə internet auditoriyasına ətraflı məlumat verməyə şərait yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 11-də Regional İdarənin aparat işçiləri və tabeliyində fəaliyyət göstərən müəssisə rəhbərləri ilə videokonfrans keçirilib. Regional İdarənin rəisi Rza Quluyev Mədəniyyət naziri Əbülfəs Qarayevin tapşırıqlarını müəssisə rəhbərlərinə çatdırıb, idarənin qarşısında qoyulan vəzifələrin və təxirəsalınmaz tapşırıqların vaxtlı-vaxtında yerinə yetirilməsinin vacibliyini bildirib.
Videokonfrans zamanı müəssisə rəhbərlərinin həftəlik hesabatları dinlənilib. Regional İdarənin rəisi hər kəsə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi şəkildə riayət olunmasını tapşırıb.