Ağcabədi taekvondoçuları Göygöldə keçirilən açıq birincilikdə 20 medal qazanıblar
Bakı, 3 aprel, AZƏRTAC
Ağcabədi rayonunun taekvondoçuları Göygöl Olimpiya İdman Kompleksində keçirilən açıq birincilikdə uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının, Göygöl rayon gənclər və idman idarəsinin dəstəyi ilə təşkil olunan yarışda ölkəmizlə yanaşı, İrandan və Gürcüstandan ümumilikdə 35 komandanın heyətində 570 idmançı mübarizə aparıb. Yarışda 2008-2009-cu, 2010-2011-ci il təvəllüdlü uşaqlar, 2005-2007-ci il təvəllüdlü yeniyetmələr və 2002-2004-cü il təvəllüdlü gənc oğlan və qız idmançılar güclərini sınayıblar.
Yarışa 33 idmançı ilə qatılan Ağcabədi seçməsi 6-sı qızıl olmaqla 20 medal qazanaraq komanda hesabında ikinci yeri tutub. Qızıl medalları komandaya 2010-cu il təvəllüdlü idmançıların yarışında iki fərqli çəki dərəcəsində (30 və 33 kq) çıxış edən Çingiz Həsənov, Novruz Əliyev (27 kq), eləcə də Vasif Səlimov (2008, 30 kq), Kənan Əliyev (2008, 27 kq), Səfər Behbudzadə (2009, 24 kq) və Novruz Əliyev (2010, 27 kq) qazandırıblar. Məhz iki çəki dərəcəsində birinci yeri tutan doqquz yaşlı Çingiz Həsənovun qələbəsi Ağcabədi idmançılarının medal sayına görə komanda hesabında ikinci yeri tutmasında mühüm rol oynayıb.
Komandanı yarışa 2-ci Dan qara kəmər ustası, məşqçi Zöhrab İsmayılov hazırlayıb.
Xatırladaq ki, “DAEDO international” taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün mahiyyətini yetişməkdə olan nəslə aşılamaq, taekvondonun növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılması olub.
Turnirdə komanda hesabında birinci yeri Sumqayıt, üçüncü yeri isə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin klubları tutub.