Ağciyər Xəstəlikləri Mərkəzinin Qobustan Regional Xəstəxanasının açılışı olub





Bakı, 16 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasının açılışı olub.
TƏBİB-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov Qobustan Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verib. O bildirib ki, xəstəxanada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb.
Qobustan Regional Xəstəxanası 3 min kvadratmetr ərazidən ibarət inzibati hissədən, habelə 100 çarpayı yeri olan 3 stasionar infeksion xəstəliklər korpusundan və köməkçi sahələrdən ibarətdir. Xəstəxanada iş prosesinin səmərəli təşkili üçün inzibati hissədə tam şərait yaradılıb, tibbi xidmətlərin elektronlaşdırılması, tibbi xidmətə əlçatanlığın tam təmin olunması məqsədilə müəssisə yüksək sürətli internet və kompüterlərlə təchiz edilib.
Ağciyər vərəmi diaqnozu təyin olunan pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil edilir.
Qobustan Regional Xəstəxanasında müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir.
Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir.
Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrilyator, monitor kompleksləri və avadanlıqlarla təchiz edilib. Həmçinin reanimasiya bokslarından birində xroniki böyrək çatışmazlığından əziyyət çəkən basilyar vərəmli xəstələr üçün hemodializ avadanlıqları quraşdırılıb.
Tibb müəssisəsində Qobustan Rayon Mərkəzi Xəstəxanasının mərkəzləşmiş mətbəxi tərəfindən göndərilən yeməklərin qəbulu və paylanılması üçün bufet-yeməkxana yaradılıb.
Tibb müəssisəsində təsərrüfat, texniki dəstək bölməsi, habelə qazanxana, camaşırxana, təsərrüfat otaqları və anbar üçün ayrıca köməkçi sahələr mövcuddur. Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi və ehtiyat oksigen balonları ilə təchiz olunub.