“AGF Junior Trophy” beynəlxalq turnirdə azərbaycanlı gimnastların ilk çıxışları uğurlu olub
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Milli Gimnastika Arenasında gənc gimnastların iştirak etdiyi bədii gimnastika üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin “B” qrupunda Azərbaycanı təmsil edən gimnastlar Yelizaveta Luzan lent və Nərminə Səmədova isə halqa ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, ilk mərhələdə Yelizaveta Luzan 14,550 xal, Nərminə Səmədova isə 14,500 xal toplayıb.
Turnirdə 18 ölkədən idmançı iştirak edir. Yarılar çərçivəsində Azərbaycanı daha iki gənc gimnast - Dərya Farşbafşəhriyari və Arzu Cəlilova öz məharətlərini göstərəcəklər.
Qeyd edək ki, “AGF Junior Trophy” turniri iyunun 1-3-də İspaniyanın Quadalaxara şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı formatında təşkil edilib.