Ağır atletlər üçün antidopinqə dair növbəti seminar təşkil edilib
Bakı, 16 fevral, AZƏRTAC
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) və Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə növbəti antidopinq seminarı keçirilib.
AZƏRTAC AAAF-ın saytına istinadən xəbər verir ki, tədbirdə idmançılar, müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən ixtisaslı mütəxəssislər, federasiya nümayəndələri iştirak ediblər.
AAAF-ın baş katibi Rizvan Rəsulov seminarda çıxış edərək dopinqlə mübarizənin vacibliyini vurğulayıb, ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. AMADA-nın fəaliyyətinin uğurlu olduğunu deyən R.Rəsulov idmanda təmiz rəqabətin bərqərar edilməsi üçün bu qurumun gördüyü işləri yüksək qiymətləndirib. Federasiya tərəfindən son zamanlar atılan addımlardan danışan vitse-prezident bu işlərin intensiv davam etdiriləcəyini bildirib.
AMADA-nın nümayəndələri Fərhad Abasov, Emil Hacıyev, Kəmalə Babayeva və Fərid Əliyev çıxışlarında antidopinq qayda pozuntuları (ADRVs), dopinq nəzarəti prosesi, məkan məlumatı, qadağan edilmiş maddələr və üsullar siyahısı, terapevtik istifadə üçün istisnalar və s. mövzular barədə ətraflı məlumat veriblər.
İştirakçılar qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, yenilənən siyahı və onun tərtib edilmə meyarları, yarış vaxtı və ondan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumatlandırılıblar.
Seminarda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.
Anonim dopinq sorğusunda da iştirak edən idmançılara sonda maarifləndirici buklet və kitabçalar paylanılıb.
Tədbirdə son dövrdə AAAF-ın dopinqlə mübarizə istiqamətində qətiyyətli fəaliyyəti və əldə olunan nəticələr təqdir edilib. Bildirilib ki, qadağan olunmuş maddələrdən istifadə yolu ilə nəticə qazanmaq istəyi böyük bəladır və onun qarşısını almaq xeyli vaxt və gərgin iş tələb edir. Federasiya bu istiqamətdə xüsusilə gənc nəslin maarifləndirilməsinə böyük önəm verir.
Seminarda AMADA-nın da uğurlu fəaliyyəti qeyd olunub. Bildirilib ki, bu qurumun əsas funksiyaları antidopinq proqramını idarə və təşviq etmək, yarış müddəti və yarışdan kənar müddətdə testlər keçirmək, sonradan nəticələri emal etmək, idmançıların maarifləndirilməsi, dopinqin aşkarlanması, qarşısının alınması və profilaktikası, cəmiyyətdə və idman ictimaiyyəti arasında idmanda dopinq istifadəsinin qarşısının alınması məqsədilə geniş məlumatlandırma işi aparmaqdır.