Ağstafada koronavirusun yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülür VİDEO
Ağstafa, 18 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ağstafa rayonunda da profilaktik tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin səmərəliliyinin daha da gücləndirilməsi məqsədilə Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən təşkil edilən qrafik əsasında genişmiqyaslı dezinfeksiya işləri aparılır.
Üç qrupdan ibarət briqada şəhərdəki dövlət idarə və təşkilatlara, təhsil ocaqlarına, yaşayış binalarına, buradakı ümumi istifadə yerlərinə, eləcə də rayonun məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, bir sözlə insanların kompakt toplaşdığı bütün yerlərə yoluxucu xəstəliklərə qarşı xüsusi dezinfeksiya məhlul səpilib.
Həyata keçirilən tədbirlər çərçivəsində Ağstafa Aqrar Sənaye Kompleksində də istehsalat sahələri, xidməti otaqlar, müəssisənin nəzdindəki ictimai iaşə obyektləri dezinfeksiya olunub. Eyni zamanda, hər kəsə dezinfeksiya tədbirləri ilə yanaşı, şəxsi və kollektiv gigiyena tələblərinə riayət olunmasının vacibliyi də izah edilib.