Ağsuda evlərini icazəsiz tərk edən koronaviruslu xəstələr barəsində cinayət işi açılıb
Ağsu, 8 dekabr, AZƏRTAC
Ağsuda evlərini tərk edən və başqalarını da yoluxma təhlükəsi qarşısında qoyan COVID-19 xəstələri saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Qaraqoyunlu kənd sakinləri Cövdət və Rüfət Həsənov qardaşları mərkəzi xəstəxanada koronavirus infeksiyasına qarşı test verib və testin cavabı pozitiv çıxıb. Bundan sonra xəstəxanadan hər iki qardaşa evdə qalmaları və ev şəraitində müalicələrini davam etdirmələri tövsiyə olunub. Buna baxmayaraq, qardaşlar yaşadıqları evi tərk edərək infeksiyanın digər insanlara yoluxma təhlükəsi yaradıblar. Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində onların yeri müəyyən edilib və saxlanılaraq həkimlərin də müşayiəti ilə yaşadıqları evə geri qaytarılıblar.
Habelə rayon sakini Sənani Əhmədova da koronavirus testi müsbət olduğuna görə müalicəsini ev şəraitində davam etdirmək tövsiyə olunub. Qadağaya məhəl qoymayan S.Əhmədov evdən çıxaraq işlədiyi idarəyə gedib və digər insanlar üçün infeksiyaya yoluxma təhlükəsi yaradıb. O da polis əməkdaşları tərəfindən saxlanılıb. Həkimlərin və polislərin nəzarəti ilə yaşadığı ünvana geri qaytarılıb. Hazırda hər üç koronavirus daşıyıcısı barəsində RPŞ-nin istintaq qrupunda cinayət işi başlanılıb və istintaq aparılır.