Ağsuda “Şəhidlərə kəfən lazım deyil” tamaşası nümayiş etdirilib
Bakı, 27 fevral, AZƏRTAC
Ağsu şəhərindəki mədəniyyət sarayında “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İdeal Zirvə Tədris Mərkəzinin təşkilatçılığı ilə Atamoğlan Məmmədlinin pyesi əsasında gənc rejissor Röyal Cəbiyevin səhnələşdirdiyi “Şəhidlərə kəfən lazım deyil” tamaşası nümayiş etdirilib.
“MİRAS” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, Bakıdakı 51 nömrəli məktəbin şagirdlərinin təqdim etdikləri tamaşa Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunub. Müharibə iştirakçısı olan müəllif tamaşada əsgərlərimizin döyüş ruhunu və şəhidlərin ölməzliyini təsvir edir. İki hissədən ibarət tamaşanın səs rejissoru Rövşanə Əliyevadır.
Tamaşadan əvvəl Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Birliyin sədri Fariz Xəlilli Xocalı soyqırımının tanıdılması üçün “Xocalı vaxtı” filmi və 26fevral.az internet səhifələrinin əhəmiyyətindən bəhs edib.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Xocalı faciəsindən, soyqırımının dünyada tanıdılması istiqamətində görülmüş işlərdən, son günlər bu rayonda keçirilən anma mərasimlərindən söz açıb. İcra başçısı Bakının 51 nömrəli məktəbinin şagirdlərinin vətənpərvərlik hissləri aşılayan tamaşanı Ağsuda təqdim etməsini yüksək qiymətləndirib.
A.Məmmədli çıxışında pyes barədə məlumat verib. O, Mübariz İbrahimovun qəhrəmanlığından danışıb, gələcəyimiz olan bütün gəncləri vətənpərvərliyə səsləyib.
Bakıdakı 51 nömrəli məktəbin direktoru Lətafət Səmədova, İdeal Zirvə Tədris Mərkəzinin rəhbəri Elşanə Şərifli Xocalı haqqında təəssüratlarını bölüşüb, dünyada xocalılıların haqq səsinin yayılması üçün bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.