Ağsuda soyqırımı qurbanlarının xatirəsi kütləvi tədbirlərlə qeyd olunmuşdur
Ağsu, 31 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü Ağsuda kütləvi tədbirlərlə qeyd edilmişdir.
Rayon tarix-diyarşünaslıq muzeyində, klub və kitabxanalarda faciə ilə əlaqədar sərgilər, fotogüşələr açılmış, kütləvi tədbirlər keçirilmişdir. Martın 31-də bütün ümumtəhsil məktəblərində ilk dərslər bu mövzuya həsr olunmuşdur.
Ümumrayon tədbirində isə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon təhsil şöbəsinin müdiri Tahir Xasinin “Azərbaycanlıların soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzədə və çıxışlarda göstərilmişdir ki, XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər öz havadarlarının köməyi ilə 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə xalqımıza qarşı soyqrımı siyasəti apararaq kütləvi qətliamlar, görünməmiş vəhşiliklər törətmişlər. 1918-ci ilin mart qırğınları məhz zaman-zaman həyata keçirilən etnik təmizləmə siyasətinin ən dəhşətli hadisələrindən biri kimi Azərbaycan tarixinin qanla yazılmış səhifəsinə çevrilmişdir. Erməni silahlı birləşmələri üç gün ərzində təkcə Bakıda azyaşlı uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 12 min nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirərək yandırmış, su quyularına və dənizə tökmüşlər. O vaxtkı qırğınlar zamanı erməni daşnakları Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə yüzlərlə kəndi viran qoymuş, 10 minlərlə insanı məhv etmişlər. İki ay ərzində erməni silahlıları Şamaxıda 86 kəndi dağıtmış, o vaxt yaradılmış fövqəladə istintaq komissiyasının təkcə 53 kənddə apardığı araşdırmaların nəticələrinə görə, 8027 azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqlardır. Mart hadisələri zamanı erməni silahlıları Ağsunun Kalva, Dilman, Gəgəli, Bico və digər bir sıra kəndlərdə də qırğınlar törətmişlər. Ermənilər ötən əsrin axırlarında, 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda həyata keçirdikləri növbəti soyqırımında on minlərlə azərbaycanlını öldürmüş, şikəst etmişlər. Əzəli torpaqlarımız olan Ermənistanda etnik təmizləmə aparılmış, ərazimizin daha 20 faizi işğal edilmişdir.
Vurğulanmışdır ki, ermənilərin törətdiyi soyqırımı və terror aktlarına siyasi-hüquqi qiymət ulu öndərin 1998-ci il 26 fevral tarixli Fərmanı ilə verilmişdir. Bu gün “böyük Ermənistan” xülyası ilə yaşayan erməni daşnakları bilməlidirlər ki, xalqımıza qarşı törətdikləri soyqırımı siyasəti cəzasız qalmayacaqdır.