CƏMİYYƏT
AHİK sədri: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə səylərini ortaya qoyur
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan digər qlobal problemlər kimi iqlim dəyişikliyi ilə mübarizədə səylərini ortaya qoyur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov "İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının rolu və fəaliyyətləri" mövzusunda sentyabrın 26-da keçirilən beynəlxalq konfransda səsləndirib.
AHİK sədri bildirib ki, iqlim dəyişikliyi böhranı hazırda ciddi narahatlıq doğurur. Bu, özünü təbii fəlakətlərin baş verməsində aydın göstərir.
Ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq konvensiyalara qoşulduğunu xatırladan S.Məmmədov deyib: “Ölkəmiz COP29-a ev sahibliyi kimi məsuliyyətli vəzifəni üzərinə götürüb. Bu mötəbər tədbirə ciddi hazırlıqlar gedir”.
AHİK sədri Azərbaycanın müxtəlif nəqliyyat, kommunikasiya, neft və enerji layihələrində fəal iştirak etdiyini də diqqətə çatdırıb. O, COP29-un iqlim dəyişikliyi ilə mübarizə işinə töhfə verəcəyindən əminliyini ifadə edib.