Aİ rəsmilərinin Brüsseldə vergi ödəyib-ödəməyəcəyi müzakirə olunur
Brüssel, 25 noyabr, AZƏRTAC
Avropa İttifaqının Brüsseldə çalışan rəsmilərinin vergi ödəyib-ödəməyəcəyi son zamanlar geniş müzakirə olunur. Bir çoxlarını maraqlandıran sual budur: Aİ məmurları hansı vergiləri kimə və nə qədər ödəyirlər?
AZƏRTAC xəbər verir ki, bu kateqoriyadan olan əməkdaşlar aldıqları əməkhaqqına görə Belçikanın gəlir vergisini ödəmir.
Aİ-nin İmtiyaz və Toxunulmazlıqlar Haqqında Protokoluna əsasən, onların gəlirləri milli vergiqoymadan azaddır. Lakin bu, onların ümumiyyətlə vergi ödəmədiyi anlamına gəlmir. Aİ rəsmiləri xüsusi “icma gəlir vergisi” (Community tax) adlanan daxili vergiyə cəlb olunurlar. Bu vergi əməkhaqqının miqdarından asılı olaraq 8 faizdən 45 faizə qədər dəyişən proqressiv dərəcə ilə hesablanır.
Bundan əlavə, onların maaşından “həmrəylik rüsumu” (solidarity levy) tutulur — adətən 6 faiz, yüksək vəzifələrdə isə 7 faiz təşkil edir. Aİ rəsmiləri həmçinin pensiya, tibbi sığorta və digər sosial ödənişlər də həyata keçirirlər. Belə məmurlar Belçikada adi iqtisadi fəaliyyətin iştirakçısı kimi çıxış edərək, mövcud aktivləri olduqda ƏDV, daşınmaz əmlak vergisi və nəqliyyat vergisi kimi yerli ödənişləri də yerinə yetirirlər.
Nəticə etibarilə, Brüsseldəki Aİ rəsmiləri vergilərdən tam azad deyil — sadəcə olaraq onların maaşı Belçika vergisi ilə deyil, İttifaqın xüsusi vergi sistemi ilə vergiyə cəlb olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel