Akademik Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin araşdırılmasında və təbliğində müstəsna xidmətlər göstərib
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, pedaqoq, Əməkdar Elm Xadimi, akademik Feyzulla Qasımzadənin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli ədəbiyyatşünas alimin həyat və yaradıcılığından, çoxşaxəli elmi-pedaqoji fəaliyyətindən danışıb. O, F.Qasımzadəni yüksək intellekt səviyyəsi, zəngin erudisiyası, geniş dünyagörüşü, əhatəli yaddaşı, hadisələrə özünəməxsus yanaşma tərzi, səmimiyyəti, təvazökarlığı və xeyirxahlığı ilə seçilən alim kimi xarakterizə edib. Bildirilib ki, Azərbaycan ziyalılarının böyük bir qisminin müəllimi hesab olunan F.Qasımzadə çoxlu sayda dərsliklərin müəllifidir. Uzun illər Bakı Dövlət Universitetinin tarix kafedrasının müdiri vəzifəsində çalışmış alimin rəhbərliyi ilə 30 elmlər doktoru və 120 elmlər namizədi yetişib.
AMEA-nın vitse-prezidenti görkəmli alimin ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. İ.Həbibbəyli “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabı haqqında məlumat verərək deyib ki, 1974-cü ildə işıq üzü görmüş bu dərslik 40 ildən çoxdur ali məktəb tələbələri və müəllimlərin stolüstü kitabına çevrilib. Bu yaxınlarda isə həmin kitab BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova tərəfindən təkmilləşdirilərək yenidən çap olunub. Qeyd edilib ki, Feyzulla Qasımzadə XIX əsr mərsiyə ədəbiyyatının tədqiq olunmayan nümayəndələri Raci, Qumri, Muqbil və digərlərinin də yaradıcılığını üzə çıxarıb.
AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov böyük ədəbiyyatşünas alimin həm də zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib. O, F.Qasımzadənin ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb. Bildirilib ki, XIX əsrə aid əlyazmalar üzərində işləyən F.Qasımzadə həmin dövr Azərbaycan ədəbiyyatının nümayəndələri ilə ünsiyyətdə olmuş şəxslərdən dinlədiyi məlumatlar əsasında ideologiyadan uzaq sanballı əsərlər ortaya çıxarıb.
R.Hüseynov bu gün F.Qasımzadə haqqında tədqiqatların aparıldığını, alimin kitablarının yenidən nəşr olunduğunu bildirib.
Filologiya elmləri doktoru, professor Himalay Qasımov “Feyzulla Qasımzadə və müasirləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, F.Qasımzadə xalqımızın Bəkir Çobanzadə, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmməd Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmməd Arif Dadaşzadə, Mirəli Seyidov, Cəfər Xəndan kimi görkəmli ziyalıları ilə bir sırada dayanan alim-vətəndaş olub.
Filologiya elmləri doktoru Məhəmmədəli Mustafayevin “Akademik Feyzulla Qasımzadənin ədəbiyyatşünaslıq görüşləri”, filologiya elmləri doktoru, professor Tahirə Məmmədin “Akademik Feyzulla Qasımzadənin tədris-təşkilatçılıq sahəsində xidmətləri” mövzularında məruzələri dinlənilib. Qeyd edilib ki, xalqımızın böyük alimi, akademik F.Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin, xüsusilə də XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğində müstəsna xidmətlər göstərib. Onun böyük zəhmətinin və gərgin elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından çox dəyərli və əvəzolunmaz elmi mənbədir.
Sonra tədbirdə görkəmli alimin ömür yolunu əks etdirən film nümayiş olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, professor Yeganə İsmayılova akademik F.Qasımzadəni böyük alim, görkəmli ziyalı, ləyaqətli vətəndaş kimi səciyyələndirib, onunla bağlı xatirələrini bölüşüblər.
Görkəmli alimin qızı, ADPU-nun ədəbiyyatın tədrisi və metodikası kafedrasının əməkdaşı, dosent Nigar Qasımzadə atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına ailəsi adından minnətdarlığını bildirib.