AKADEMİK YUSİF MƏMMƏDƏLİYEVİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Zavod direktorunun müavini Adil Rəhimov ölkə Prezidenti İlham Əliyevin “Yusif Məmmədəliyevin 100 illik yubileyi haqqında” 2005-ci il 28 fevral tarixli Sərəncamının əhəmiyyətini vurğulamışdır.
Y.Məmmədəliyev adına Neft Kimyası Prosesləri İnstitutunun direktoru, akademik Musa Rüstəmov, akademik Məhərrəm Məmmədyarov və digər natiqlər böyük alimin şərəfli ömür yolundan, elm və təhsilimizin inkişafındakı mühüm xidmətlərindən danışmış, onun bütün dünyada tanındığını bildirmişlər.
Qeyd edilmişdir ki, uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin rəhbəri olmuş alimin elmi işləri bir çox ölkələrin neft və kimya sənayesində tətbiq olunmaqla, böyük səmərə vermişdir.
Alimin qızı, mədəniyyət və turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva atasının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirdə akademik Y. Məmmədəliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film də göstərilmişdir.