Aksiya iştirakçısı: Qarabağda faydalı qazıntıların talanması ilə barışmayacağıq
Şuşa, 17 dekabr, Elmir Səftərov, AZƏRTAC
Ərazilərimizdə olan faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda QHT-lər və ekofəallar tərəfindən təşkil edilən aksiya artıq 6 gündür qürurla, iradə ilə aparılır. Bu aksiya kifayət qədər uğurlu olmaqla yanaşı, həmçinin diqqət cəlb edə bilib.
Bu fikriləri AZƏRTAC-a müsahibəsində "Hüquqi və Demokratik İslahatlar Mərkəzi" İctimai Birliyinin sədr müavini Leyla Ədilzadə söyləyib.
Gənc könüllü qeyd edib ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları əsl vətənpərvərlik nümayiş etdirirlər. Bu, bir daha xalqımızın erməni separatçılarının və onları himayə edənlərin Azərbaycanın qədim diyarı olan Qarabağ iqtisadi zonasında faydalı qazıntıların talanması ilə barışmayacağını göstərir.
"Xalq sərvəti barədə məsələlərə özü sərəncam verməlidir. Rus sülhməramlılarından tələb edirik ki, Azərbaycanın dövlət qurumlarının nümayəndələrinə Ağdərədə, Xocavənddə, Xocalıda və digər ərazilərdə monitorinq aparılmasına şərait yaratsınlar. Biz haqlı tələblərimiz yerinə yetirilənə qədər buradayıq", - deyə Leyla Ədilzadə vurğulayıb.
O əlavə edib ki, erməni separatçıları istəklərinə çatmayacaqlar. Biz öz ərazimizdə bütün planlarımızı, layihələrimizi Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdıracağıq.