AKTİ-nin Baş katibi: Məqsədimiz sərvətlərimizin talanmasının dayandırılmasına nail olmaqdır
Bakı, 15 yanvar, Elmir Səftərov, AZƏRTAC
Qarabağ iqtisadi rayonunda yerləşən təbii sərvətlərimizin qanunsuz istismarının qarşısını dinc yolla almaq üçün artıq 35 gündür Azərbaycan könüllülərinin iştirakı ilə Laçın-Xankəndi yolunda aksiya keçiririk. Havanın soyuq olmasına baxmayaraq, könüllülər həmrəylik nümayiş etdirirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) Baş katibi Vüqar Əliyev söyləyib.
O qeyd edib: “Azərbaycan könüllüləri olaraq burada sayımız gündən-günə artır. Hər bir könüllünün timsalında onu deyə bilərəm ki, burada hər kəsin əhvali-ruhiyyəsi yüksək səviyyədədir. Çünki Azərbaycan könüllülərini birləşdirən bir amal var. Bizim əsas məqsədimiz təbii sərvətlərimizin talanmasının qarşısını almaqdır. İşğaldan azad olunmuş torpaqlarımızda birmənalı olaraq belə əməllərə qarşıyıq. Eyni zamanda, Azərbaycanın Xankəndi şəhərində baş verən hadisələr bizim üçün qəbuledilməzdir.
Xalqımızın ərazilərimizdə aparılan qanunsuz prosesləri qəbul etmədiyini və bundan sonra da etməyəcəyini artıq hər kəsin gördüyünü bildirən baş katib deyib ki, monitorinq qruplarının əraziyə buraxılmasına qərar verilənədək aksiya davam edəcək və Azərbaycan könüllüləri bu prosesə hər zaman dəstək göstərəcək.
"Xüsusilə bu yaxınlarda Prezident İlham Əliyevin yerli telekanallarına müsahibəsi zamanı aksiya iştirakçıları ilə bağlı dediyi “İlk növbədə, o gənclərə “Eşq olsun!” demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər” sözləri Azərbaycan könüllülərinə böyük ruh yüksəkliyi verib. Azərbaycan könüllüləri bu ruh yüksəkliyi ilə dinc aksiyanı yüksək əzmlə davam etdirirlər və etdirəcəklər",- deyə Vüqar Əliyev vurğulayıb.