Aleksandr Tişkov: Azərbaycanın bərpaolunan enerji sahəsində atdığı addımlar təqdirəlayiqdir
Bakı, 30 sentyabr, AZƏRTAC
Bərpaolunan enerji sahəsində yalnız iri layihələr deyil, kiçik və orta ölçülü layihələr də bazarda mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri “BCG Bakı” şirkətinin tərəfdaşı Aleksandr Tişkov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəzi ölkələrdə, xüsusən də İordaniyada elektrik enerjisi istehsalının ümumi tələbatında günəş və külək enerjisinin payı artıq 40-45 faizə çatıb.
Ekspert vurğulayıb ki, hazırda iri stansiyaların payı ümumi istehsal gücündə 30 faizə yaxın olsa da, ən böyük payı məhz kommersiya və yaşayış sektoru təşkil edir.
“Bu model Almaniyada da özünü doğruldub. Orada çox sayda insan fərdi şəkildə günəş panellərinə sərmayə qoyur ki, bu da bazarın genişlənməsinə imkan yaradır. Kiçik və ortahəcmli layihələr riskləri azaltdığı üçün əlavə biznes imkanları da yaradır. Bərpaolunan enerji sahəsində uğur qazanmaq üçün uzunmüddətli strateji master-plan, dövlətin maliyyə dəstəyi və yeni biznes imkanlarının araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu sahədə Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir”, - deyə ekspert vurğulayıb.