® “Coca-Cola”nın dəstəyi ilə “Xəzəri Qoruyaq!” ekoloji aksiyası yekunlaşıb
“Coca-Cola”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “EcoHub” ekoloji platforması və digər tərəfdaşların dəstəyi ilə keçirilən “Xəzəri qoruyaq!” genişmiqyaslı ekoloji kampaniyasına sentyabrın 19-da Bakının Bilgəh çimərliyində yekun vurulub.
Ətraf mühitin qorunması və sahilyanı ərazilərin təmizliyinə töhfə vermək məqsədi daşıyan aksiya çərçivəsində sentyabrın 2-dən etibarən Xəzərin Xaçmaz, Siyəzən, Neftçala, Lənkəran, Astara və Sumqayıt çimərliklərində də təmizlik işləri həyata keçirilib.
Əsas məqsəd ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaq, əhalinin ətraf mühitin qorunması və tullantıların idarə olunması məsələləri üzrə maarifləndirilməsini gücləndirmək, həmçinin təbiətə məsuliyyətli yanaşmanı təşviq etməkdir.
Təşəbbüs çərçivəsində 1500-dən çox könüllünün iştirakı ilə 30 hektar sahilyanı ərazi 5 ton tullantıdan təmizlənib.
Aksiyanın əsas tərəfdaşları sırasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “Carlsberg Azerbaijan”, “McDonald’s” və “PwC Azərbaycan” var. Aksiyanı dəstəkləyən digər təşkilatlar arasında isə Azərbaycan Dövlət Reklam Agentliyi, “Təmiz Şəhər” ASC, ABŞ-nin Azərbaycandakı səfirliyi, “AmCham”, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycan Skautlar Assosiasiyası, AFFA, “Yaşıl ASAN”, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi, Mərcan Hospital, Ecovis Azerbaijan, “Baku Marathon Club”, “Freken Bok” (Biosphere Corporation) və Azərbaycan Jurnalistlər Şəbəkəsi yer alıb.
Qeyd edək ki, “Xəzəri Qoruyaq!” aksiyası bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində təşkil edilib. 1986-cı ildə təsis olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir. Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı beynəlxalq könüllü hərəkatında Azərbaycan da artıq 17 ildir ki, “Xəzəri Qoruyaq!” şüarı ilə iştirak edir. Bu illər ərzində Xəzər dənizinin çimərliklərinin 120 hektardan çox ərazisi təxminən 67 ton məişət tullantısından təmizlənib.