Aİ ölkələrində yanacağın qiyməti son bir ildə 23,8 faiz artıb
Bakı, 22 sentyabr, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələrində şəxsi nəqliyyat vasitələri üçün yanacaq və sürtgü yağlarının qiymətləri avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 23,8 faiz artıb. İyun ayında illik 13,7 faizlik və iyul ayında 16,9 faizlik artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, “Eurostat” agentliyinin məlumatına görə, avqust ayında Aİ-nin 27 üzv ölkəsindən 26-sında yanacaq və sürtgü yağlarının qiymətləri 2025-ci ilin avqust ayı ilə müqayisədə xeyli artıb. Həmin ay ərzində Aİ-nin 16 ölkəsində illik qiymət artımı 20 faizi keçib.
Ən yüksək illik qiymət artımı Bolqarıstanda (34,5 faiz), Litvada (28,8 faiz), Finlandiyada (27,6 faiz), Almaniyada (27,5 faiz) və Fransada (27,4 faiz) qeydə alınıb.
Aİ ölkələri arasında ən aşağı qiymət artımı isə Macarıstanda (1,3 faiz), İsveçdə (6,1 faiz) və İrlandiyada (11,7 faiz) olub.
Aylıq göstərici üzrə Aİ istehlakçıları iyul ayı ilə müqayisədə avqust ayında dizel yanacağının qiymətlərində 8,3 faiz, benzin qiymətlərində isə 3,3 faiz artımla qarşılaşıblar.
2026-cı ilin iyul ayında dizel yanacağının qiymətləri iyun ayına nisbətən 4,3 faiz, benzinin qiymətləri isə 4,7 faiz artıb.
Dizel qiymətləri 2026-cı ilin iyul-avqust ayları arasında Aİ-nin 26 ölkəsində artıb. Ən çox artım Çexiyada (14,3 faiz), Bolqarıstanda (13,5 faiz) və Lüksemburqda (12,3 faiz) olub. İtaliyada ən aşağı aylıq dizel qiymət artımı (5,2 faiz) qeydə alınıb. Rumıniyada bu rəqəm 6,1 faiz, Niderlandda isə 6,2 faizdir.
Benzin qiymətləri 22 üzv ölkədə artıb, ikisində sabit qalıb və üç ölkədə aşağı düşüb.
İspaniyada benzin qiymətlərində ən böyük aylıq artım (8,2 faiz) qeydə alınıb. Rumıniyada bu göstərici 6,6 faiz, İtaliyada 6,3 faiz və Kipr Yunan Respublikasında 6,2 faiz təşkil edib.
Macarıstanda benzin qiymətlərində cüzi aylıq azalma (0,6 faiz) qeydə alınıb. Danimarkada bu azalma 0,3 faiz və Slovakiyada isə 0,1 faiz olub.