Ali Baş Komandan Şuşa zəfəri ilə xalqımıza hədsiz qürur hissi yaşatdı
Bakı, 9 noyabr, AZƏRTAC
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildən çoxdur həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Ölkənin hər yerində yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın və digər şəhər və rayonların küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır. Bizim tarixi qələbəmiz - Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. Hər bir azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, 28 il ərzində işğal altında qalan Şuşaya - mədəniyyət beşiyimizə qayıdacağıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.
O bildirib ki, bu müddətdə Azərbaycan Prezidentinin yeritdiyi müstəqil siyasət nəticəsində ölkəmizin həm regionda, həm də dünyada söz sahibinə çevirdiyini tarix göstərdi. Ölkəmizin mövqeyinin möhkəmlənməsi münaqişə ətrafında yaranan vəziyyətin məhz bizim xeyrimizə dəyişməsinə rəvac verdi. Hərbi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. İndi döyüş meydanında Azərbaycan düşmənlə təkbaşına mübarizə aparır və torpaqlarımız qarış-qarış azad olunur. Üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hər birimizi qürurlandırır. Son günə qədər düşmən Şuşa ilə bağlı yalan informasiyalar yayaraq, həm öz ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edirdi. Amma şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın tapşırığını qətiyyətlə yerinə yetirdi. Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan düşmən hazırda isterik vəziyyətdədir. Biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdiririk. Əminliklə demək olar ki, digər ərazilərimizin də işğaldan azad olunacağı günü tezliklə qeyd edəcəyik və Qarabağı dünyanın ən abad bölgələrindən birinə çevirəcəyik.
AHİK-in sədri deyib: “İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlətimizin başçısının ətrafında yumruq kimi birləşərək, onu qeyd-şərtsiz dəstəklədi. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunması xəbəri elan olunandan dərhal sonra Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya bu münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı. Partiya rəhbərləri İlham Əliyevin hakimiyyətdə olduğu illərdə uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın ən yeni tarixinin qızıl hərflərlə yazıldığını vurğuladılar və bunu dövlətimizin başçısının geniş dünyagörüşünün, siyasi uzaqgörənliyinin, diplomatik bacarıqlarının, hərbi-strateji dühasının, iqtisadi islahatlarının, xalqımızın ona göstərdiyi yüksək etimadın, xalq-dövlət-vətəndaş cəmiyyəti arasında qarşılıqlı anlayış və hörmətin ən ali təcəssümü kimi ifadə etdilər. Qeyd etdilər ki, İlham Əliyevin ölkə rəhbəri kimi, sadəcə, iqtisadi, sosial və siyasi sahələrdə deyil, Ali Baş Komandan olaraq ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü Qələbəmizi təmin edən əsas amillərdir.
S.Möhbalıyev qeyd edib ki, Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. Prezident İlham Əliyev faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da bizə əlavə güc verdi.
Ümummilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” kəlamı da özünü doğrultdu. “Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı”. Bunu Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.
Həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız var. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi. Bu illər ərzində bir çox ölkələrlə səmimi işgüzar münasibətlər qura bildik. Bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edə bilir. Bütün qonşu ölkələrlə səmimi dostluq əsasında, qarşılıqlı inam, hörmət əsasında münasibətlər qura bildik. Biz bunu etməsəydik, münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.
“Ən nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən Ali Baş Komandanımız İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi. Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, Şuşanı azad etdi və xalqımıza zəfər müjdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
İşğal altında olan hər qarış Vətən torpağının, xüsusilə də Şuşanın düşmən tapdağından azad edilməsi üçün göstərdiyi dəyanət, qətiyyət və səbrə görə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Şuşa qələbəsindən sonra Böyük Zəfər müjdəsini səbirsizliklə gözləyirik! Yaşasın Azərbaycan!”, - deyə AHİK-in sədri bildirib.