Almaniya Bundestaqının deputatları Göygöldə olublar
AZƏRTAC xəbər verir ki, qonaqlar vaxtilə ata-babalarının yaşadıqları şəhərlə yaxından tanış olublar. XVIII əsrdə almanlar tərəfindən inşa edilən, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lüteran kilsəsində keçirilən görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək qonaqlara rayonun mədəni həyatı, eləcə də iqtisadiyyatı barədə ətraflı məlumat verib. Sonra musiqi kollektivlərinin çıxışı olub.
Görüşdən sonra almaniyalı qonaqlar yüksək hündürlükdə salınmış Bayraq meydanından şəhəri seyr edib, Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev-muzeyinə baxıblar.
Vaxtilə burada yaşamış və iki əsrdən sonra əsaslı təmir edilərək əvvəlki görkəminə qaytarılmış alman evləri də qonaqlarda razılıqla qarşılanıb və onlar buna görə Azərbaycan hökumətinə, eləcə də Göygöl Rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Almaniya Federativ Respublikası Bundestaqının iqtisadiyyat və energetika komissiyasının sədri, xanım Dagmar Vöhrl deyib: “Mən Azərbaycan haqqında, onun sürətli inkişafı barədə çox eşitmişdim. İndi bütün bunları öz gözlərimlə gördüm. Əlbəttə, bütün bu uğurlar ölkənizin başçısının uğurlu fəaliyyətinin nəticəsidir. Ona görə Almaniya hökuməti Azərbaycan ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlıdır. Heç təsadüfi deyil ki, 1994-cü ildən indiyədək Almaniya Azərbaycana 600 milyondan çox investisiya yatırmışdır ki, bu da bu əlaqələrin göstəricisidir”.