ALMANİYA PAYTAXTI SAKİNLƏRİNİN TƏXMİNƏN YARIM MİLYONU ƏCNƏBİLƏRDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın paytaxtı Berlində mühacirlərin sayı artmaqda davam edir. Bu barədə Berlin Statistika İdarəsi rəsmi məlumat yaymışdır. Məlumatda bildirilir ki, 2005-ci il oktyabrın sonunda keçirilən paytaxt əhalisinin siyahıya alınmasının nəticələrinə görə, hazırda Berlində 3 milyon 734 min şəhər sakini qeydə alınmışdır. Bu sayda paytaxt əhalisinin 453 min 977 nəfəri əcnəbi mühacir qismində xarici pasportla qeydiyyatdan keçmişdir. Bu, bir il öncə paytaxt sakini kimi qeydə alınan mühacir sakinlərin sayı üzərinə 9 min 352 nəfərin (2,1 faiz artım) əlavə olunması deməkdir.
Deyilənlərə görə, Almaniya paytaxtında əcnəbilərin siyahıya alınması xeyirxah məqsəd daşıyır. Siyahıyaalma nəticəsində əldə olunan statistik hesabat Berlinin mühacir əhalisinin sosial və iqtisadi vəziyyətini əyani şəkildə meydana çıxaracaq və dövlət bu istiqamətdə daha faydalı, məqsədyönlü fəaliyyət imkanı əldə edəcəkdir.