Almaniya qəzeti 20 Yanvar faciəsindən yazır
Berlin, 21 yanvar, AZƏRTAC
Almaniyanın “Teltower Stadt-Blatt” qəzetində 20 Yanvar faciəsindən bəhs edən “147 qurbanın anılması” adlı məqalə dərc olunub.
Məqalədə qeyd edilir ki, Azərbaycanda dinc nümayişçilərin azad və demokratik dövlətçilik tələbinə qarşı o zamankı sovet ordusu odlu silah və tanklarla cavab vermiş, nəticədə 147 mülki azərbaycanlı həlak olmuş, xeyli sayda insan yaralanmışdır. Sovet hakimiyyəti törətdiyi bu qırğınla dağılmaqda olan imperiyada xalqların azadlıq arzusunu boğmaq niyyətində idi. Məqalədə, həmçinin vurğulanır ki, o zamanlar erməni separatçıları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ayırmağa və Ermənistana birləşdirməyə çalışırdılar, 250 min azərbaycanlı isə öz yurd-yuvasını tərk etməyə məcbur edilmişdi.
Məqalədə 20 Yanvar hadisələrinin 26-cı ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyində keçirilmiş anım tədbiri barədə də məlumat verilir. Bildirilir ki, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında 20 Yanvar cinayətini 1953-cü ildə o zamankı Almaniya Demokratik Respublikası, 1956-cı ildə Macarıstan, 1968-ci ildə o zamankı Çexoslovakiyada azadlıq hərəkatlarının silah gücünə yatırılması ilə müqayisə edib.
Qeyd olunur ki, tədbirdə çıxış edən Berlin Qafqaz və Xəzər Hövzəsi Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt Azərbaycanın müstəqillik illərindəki uğurlarından bəhs edib, Azərbaycanı keçmiş sovet respublikaları arasında iqtisadi cəhətdən ən inkişaf respublikalardan biri adlandırıb. Məqalədə M.Dornfeltin Azərbaycandakı dini tolerantlığı və multikultural mühiti yüksək qiymətləndirdiyi vurğulanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin