ALMANİYA TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİ GÜCLƏNDİRİR
Federal Səhiyyə, İstehlakçılar və Ekologiya nazirliklərinin ekspertlərinin fikrincə, HSN1 qripi virusunun Rusiya, Rumıniya və Türkiyədə aşkar edilməsi faktları göstərir ki, bu infeksiya törədicisi tezliklə Avropa İttifaqı ölkələrinə yol tapacaq, o cümlədən Almaniya ərazisinə keçəcəkdir. Belə vəziyyət Avropanın digər ölkələrinin quşçuluq təsərrüfatları və qida sənayesində epidemiyaların başlanmasına səbəb ola bilər. Məhz bu səbəbdən Almaniya hökuməti bu gün təhlükənin qarşısını almaq məqsədi ilə kəsərli təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi barədə müvafiq nazirliklərə göstərişlər vermişdir.
Oktyabrın 22-dən başlayaraq bütün Almaniya ərazisində quşçuluq təsərrüfatlarında karantin əməliyyatı başlanır. Quşçuluq fermer təsərrüfatları qapalı iş rejiminə keçirilir. Quşlar ətraf mühitdən təcrid olunmaqla qapalı təsərrüfatlarda açıq havaya çıxarılmadan ferma binaları və tövlələr daxilində bəsləniləcək.
Almaniya Xarici Ticarət Nazirliyinə digər ölkələrlə quşçuluq təsərrüfatı, sənaye və qida məhsulları, o cümlədən canlı quş əmtəə mübadiləsini müəyyən müddətə dayandırmaq barədə xüsusi göstəriş verilmişdir.
Almaniyanın digər ölkələrlə, xüsusilə HSN1 virusunun yoluxduğu ehtimal olunan dövlətlərlə sərhədlərinin ciddi nəzarət altına alınması və s. istiqamətdə qabaqlayıcı tədbirlər görülür.
Xatırladaq ki, HSN1 infeksiyasının qlobal səviyyədə yayılması təhlükəsinin qarşısının alınması, epidemiyanın kökündən ləğvi kimi aktual məsələlərin müzakirəsi Avropa İttifaqına üzv dövlətlərin sağlamlıq və səhiyyə nazirlərinin oktyabrın 20-də başlanmış qeyri-rəsmi zirvə toplantısının diqqət mərkəzindədir.