ALMANİYA TEXNİKİ ƏMƏKDAŞLIQ CƏMİYYƏTİ “MƏHKƏMƏ QƏRARLARININ İCRASI” MÖVZUSUNDA MƏQALƏ MÜSABİQƏSİ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsinin “Hüququn KİV-lərdə yayılması” proqramı çərçivəsində jurnalistlər arasında “Məhkəmə qərarlarının icrası” mövzusunda müsabiqə elan etmişdir.
Müsabiqəyə ümumi yurisdiksiyalı məhkəmələrin, Konstitusiya Məhkəməsinin qərarlarının və yaxud Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana dair qərarlarının icrası ilə bağlı problemləri və onları doğuran səbəbləri araşdıran məqalələr qəbul edilir.
Jurnalistlər müsabiqəyə mayın 1-dən iyunun 15-dək dövri mətbuatda dərc edilən və ya tanınmış internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər.
Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunacaqdır.