ALMANİYADA ANTİFUTBOL KAMPANİYASI GENİŞLƏNİR
VAT Sosioloji Tədqiqatlar Mərkəzinin apardığı sorğunun yekunlarına görə, Almaniyada qadınların 34 faizi və kişilərin 21 faizi planet birinciliyinə biganədirlər.
Bununla əlaqədar xidmət sahəsində fəaliyyət göstərən bir neçə şirkət futboldan təngə gəlmiş adamları cəlb etmək üçün tədbirlər keçirir. Bu məqsədlə bəzi bar və restoranlar öz lövhələrinə bu sözləri əlavə etmişlər: “Biz futbolu göstərmirik”. Belə müəssisələrin əksəriyyəti nəinki çempionatın oyunlarını birbaşa yayımlamayacaq, heç lent yazılarını da nümayiş etdirməyəcəkdir.
İndi hətta üstündə “Dünya Kubokunun düşməni” və “Futbola nifrət edirəm” sözləri yazılmış futbolçu köynəkləri da satışa çıxarılmışdır. Bəzi turizm agentlikləri Marko Polonun marşrutunu təkrarlamağı və İpək Yolunu araşdırmağı təklif edirlər. Vədlərə görə, kim bu səyahətlərə çıxsa, bir ay ərzində dünya çempionatı barədə bir kəlmə də eşitməyəcəkdir.
Brandenburq federal vilayətinin hökuməti antifutbol kampaniyasını dəstəkləmişdir. Məmurlar belə bir faktdan istifadə etməyi qərara almışlar ki, bu ərazidə çempionatın heç bir oyunu keçirilməyəcəkdir. Hərçənd Ukrayna yığması orada “lövbər salacaqdır”. Hökumət həftəsonu günlərdə “futboldan azad yerlər”ə ailə turları təklif edir.