ALMANİYADA AVROPA ÖLKƏLƏRİ BAŞ PROKURORLARININ KONFRANSI KEÇİRİLMİŞDİR
Avropa Şurasının üzvü olan 45 ölkədən 39-nun baş prokurorunun və onların müavinlərinin iştirak etdikləri konfransda Almaniya parlamentinin deputatları, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri, Avropa Şurası Baş Katibliyinin yüksək nümayəndələri və digər şəxslər iştirak etmişlər.
Konfransda Azərbaycanı respublika baş prokurorunun müavini E.Nuriyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Konfransda ona rəsmi statusun verilməsi, dövlət ittihamının həyata keçirilməsi zamanı “qanunçuluq” və “məqsədəmüvafiqlik” prinsiplərinin tətbiqi, prokurorluğun beynəlxalq təşkilatlarda və məhkəmələrdə rolu, prokurorluğun cinayət təqibindən kənar funksiyaları, prokurorlar arasında əməkdaşlığın gücləndirilməsi və digər məsələlər barədə məruzələr dinlənilmiş, onların ətrafında müzakirələr aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri E.Nuriyev prokurorluğun cinayət təqibindən kənar funksiyaları barədə çıxış edərək, ölkəmizin milli qanunvericiliyində Azərbaycan Respublikası Prokurorluğunun cinayət təqibindən kənar funksiyalarının Avropa standartlarına uyğunlaşdırıldığını, prokurorluğun mahiyyətinə uyğun olmayan funksiyalardan imtina edildiyini və yeni qanunvericiliyə əsasən, prokurorluğun yalnız dövlət mənafeyinin tələb etdiyi hallarda, təsisçisi dövlət olan qurumların müraciəti olduqda mülki iddia vermək və ona baxılmasında iştirak etmək hüququ olduğunu bildirmiş və məsələnin qanunvericilikdə bu cür qoyuluşunun düzgünlüyünü hüquqi cəhətdən əsaslandırmışdır.
Konfransda prokurorluq orqanlarının müstəqilliyinin təmin edilməsi, onların fəaliyyətinə hər hansı bir müdaxilənin yolverilməzliyi, prokurorluqlar arasında əməkdaşlığın gücləndirilməsinin zəruri olması barədə fikirlər də səslənmişdir.
Azərbaycan nümayəndə heyətinin üzvləri konfransda iştirak edən beynəlxalq təşkilatların, habelə Gürcüstan, Polşa, Belçika, Bosniya, Latviya, Sloveniya, Slovakiya, İtaliya, Moldova, Ukrayna prokurorluqlarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirmiş və fikir mübadiləsi aparmışlar. Görüşdə əməkdaşlığın genişləndirilməsinin, hüquqi yardım göstərilməsi sahəsində işlərin ardıcıl davam etdirilməsinin vacibliyi vurğulanmışdır.
Sonda Avropa Şurası ölkələrinin baş prokurorlarının növbəti illik konfransının 2005-ci ildə Macarıstan Respublikasının Budapeşt şəhərində, 2006-cı ildə isə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilməsi barədə qərar qəbul edilmişdir. Bununla da konfrans öz işini başa çatdırmışdır.