Almaniyada Azərbaycan və türk diaspor nümayəndələrinin görüşü keçirilib
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanın Almaniyadakı səfirliyində Almaniya Türk-Azərbaycan Dərnəyinin rəhbəri, professor Hakkı Kəskinlə görüş keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfir Pərviz Şahbazov, səfirliyin əməkdaşları, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin (AAKM) direktoru Heydər Mirzə, Almaniyada Azərbaycanlı Tələbələrin Şəbəkəsinin rəhbəri Asif Məsimov, azərbaycanlı, türkiyəli ziyalılar və diaspor fəalları iştirak ediblər.
Görüşdə çıxış edən Almaniya Türk-Azərbaycan Dərnəyinin rəhbəri Hakkı Kəskin uzun illər ərzində Almaniyada təşkilatlanma və birgə maraqların qorunması yolunda türklərin keçdiyi təkamül yolu haqqında məlumat verib. O, gənc nəsli yerli türk təşkilatlarında fəal olmağa çağırıb. Həmçinin dərnəyin növbəti rəhbərinin gənc azərbaycanlılardan birinin seçilməsini təklif edib.
Səfir Pərviz Şahbazov Türkiyənin paytaxtı Ankarada fevralın 17-də törədilmiş dəhşətli terror aktını pisləyib və insan tələfatı ilə bağlı türk xalqına başsağlığı verib. O qeyd edib ki, Almaniyada türk-Azərbaycan diasporlarının əməkdaşlığı inkişaf edir. Cəmiyyətlər və dərnəklər birgə layihələr həyata keçirir, nəticədə nailiyyətlər əldə edirlər. Tədbirlər təşkil olunur, erməni tərəfinin təbliğatına qarşı əksər hallarda birgə hərəkət edilir. Səfir gələcək əməkdaşlığın perspektiv istiqamətlərini vurğulayaraq Almaniyada Türk-Azərbaycan Dərnəyi üçün birgə fəaliyyətdə əhəmiyyət daşıyan uğurlu amillərdən də söz açıb.
Müzakirələrlə davam edən görüşdə iştirakçılar fəaliyyət təcrübələrində rastlaşdıqları problemlərdən və uğurlardan danışıblar. Bildirilib ki, Türk-Azərbaycan Dərnəyi fəaliyyətində universitetlər və təhsil ocaqlarına daha çox diqqət yetirməlidir. Fərdi olaraq məşhur insanlarla, alimlərlə, ekspertlərlə iş daha da güclədirilməli və bu, uzunmüddətli xarakter daşımalıdır.