ALMANİYADA MİLLİ AZLIQLARIN BEYNƏLXALQ FESTİVALI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Almaniyanın Maynts şəhərində milli azlıqların beynəlxalq festivalı keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Maynts şəhər bələdiyyəsinin keçirdiyi festivalda Azərbaycanı Maynts-Azərbaycan Dostluq Cəmiyyəti təmsil etmişdir.
Tədbirdə bir sıra ölkələrin Almaniyadakı səfirliklərinin, beynəlxalq qurumların, insan hüquqları üzrə müdafiə təşkilatlarının, Maynts şəhərində fəaliyyət göstərən diaspor cəmiyyətlərinin nümayəndələri, şəhərin bələdiyyə başçısı Yens Boytel və başqaları iştirak etmişlər.
Maynts şəhərinin “Domplatz” meydanında Azərbaycanla bağlı stend açılmışdır. Meydanın mərkəzində Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Stendlə tanış olanlara və tədbirin digər iştirakçılarına Azərbaycan mədəniyyətini, tarixini və bugünkü reallıqlarını əks etdirən kitablar, broşürlər, jurnallar və CD-lər, Azərbaycan haqqında hazırlanmış məlumat vərəqələri və milli şirniyyatlar paylanmışdır. Həmçinin bu ilin may ayında Maynts şəhər bələdiyyə başçısının rəhbərliyi ilə 9 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərini əks etdirən film, qəzet və jurnallar nümayiş olunmuşdur.
Tədbirdə ümumilikdə 34 dövlətin tanıtım stendi və 25 ölkənin folklor və rəqs qrupları iştirak etmişlər. Maynts-Azərbaycan Dostluq Cəmiyyətinin rəqs qrupunun ifasında Azərbaycanın milli rəqsləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Tədbirin sonunda Maynts bələdiyyəsinin mədəniyyət işləri üzrə
nümayəndəsi xanım Heçt Azərbaycan stendini hazırlayanları və rəqs
qrupunu təbrik edərək onlara minnətdarlığını bildirmişdir. O, 2008-ci ildə keçiriləcək festivalda Azərbaycan icmasının iştirakının vacibliyini xüsusi vurğulamışdır.