Almaniyanın Hannover şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anma mərasimi keçirilmişdir
Berlin, 1 mart (AZƏRTAC). Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və Almaniyada Azərbaycanlıların Koordinasiya Mərkəzinin hamiliyi ilə Hannover şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində anma mərasimi keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü Rövşən Rzayev və AMEA Tarix İnstitutunun şöbə müdiri Kərim Şükürov çıxış etmişlər. Gecədə Azərbaycanın Almaniyadakı səfirliyinin birinci katibi Fikrət Axundov, Hannover, Hamburq, Berlin və AFR-in digər şəhərlərindən həmyerlilərimiz, türklər və alman qonaqlar iştirak etmişlər.
Tədbirin təşkilatçısı və Hannover şəhərində fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin sədri Etibar Qəniyev gecəni giriş sözü ilə açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin, Dağlıq Qarabağ ərazisindəki ermənilərin qeyri-qanuni silahlı dəstələrinin, keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının iştirakı ilə Xocalı şəhərinin zəbt edilməsi və Azərbaycan xalqına qarşı keçirilmiş soyqırımı haqda məlumat vermişdir.
Ermənilərin qanlı cinayətini əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Sonra Kərim Şükürov Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciənin yaranma səbəbləri haqqında məruzə etmişdir.
Tədbirin aparıcısı Etibar Qəniyev iştirakçıları 26 fevral - Xocalı soyqırımı günü ilə əlaqədar “Xəzər” cəmiyyətinin Almaniyada yaşayan həmyerlilərimizə, türk cəmiyyətlərinə, Almaniyanın ictimai və siyasi qurumlarına göndərilmiş müraciət ilə tanış etmiş, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə elan edilmiş “Xocalıya ədalət!” kampaniyası haqda geniş danışaraq bütün soydaşlarımızı Xocalı faciəsinə beynəlxalq aləmdə siyasi və hüquqi qiymət verilməsini, bu faciənin beynəlxalq səviyyədə anılmasını təmin etmək istiqamətində məqsədyönlü fəaliyyət göstərməyə dəvət etmişdir.
Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi həkk olunmuş Xocalı faciəsi haqda ingilis dilində hazırlanmış sənədli film göstərilmişdir. Filmdən sonra erməni vəhşiliyini yaşamış şahidlərin ifadələri oxunmuşdur. Şahidlərin ifadələri ilə bərabər Xocalı dəhşətlərini əks etdirən fotoşəkillər slayd görüntüləri ilə nümayiş etdirilmişdir.
Sonra Rövşən Rzayev Xocalı faciəsinin siyasi, hüquqi və psixoloji aspektləri mövzusunda məruzə etmişdir.
Xocalı hadisəsi və Qarabağ problemi mövzusu ətrafında geniş diskussiya və fikir mübadiləsi aparılmış, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbir zamanı foyedə Azərbaycan rəssamları Eldar Cabbarlı və Telman Quliyevin Xocalı faciəsinə həsr olunmuş rəsm əsərləri, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı işıqlandıran sənədli materiallar və fotoşəkillər nümayiş etdirilmişdir.
İştirakçılara Xocalı dəhşətlərini əks etdirən alman, ingilis, türk və Azərbaycan dillərində kitab, jurnal, broşürlər və əyani vəsait paylanmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin