Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Şirin Şahbazovla MÜSAHİBƏ VİDEO
Bakı, 4 sentyabr, AZƏRTAC
Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin idxal-ixrac şöbəsinin müdiri Şirin Şahbazovdur. Azərbaycan Tibb Universitetində əczaçılıq üzrə bakalavriat və əczaçılıq kimyası üzrə magistratura təhsili almış Şirin Şahbazov, eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.
Peşəkar fəaliyyətindən əlavə, şahmata marağı ilə seçilən Şirin Şahbazov üçün bu oyun məntiqi düşüncə və düzgün qərarvermə bacarığının inkişafında mühüm rol oynayır. AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yüksəliş” müsabiqəsi də müəyyən mənada şahmat taxtasını xatırladır – burada hər düzgün və hesablanmış addım qalibiyyətə aparan yolda mühüm əhəmiyyət daşıyır.
– Şahmat məntiq oyunudur, siz də bu oyundan zövq alırsınız. Maraqlıdır, şahmat taxtasındakı gedişlər “Yüksəliş” yolunda sizə necə kömək edib?
– Düşünürəm ki, “Yüksəliş” müsabiqəsi də eynən şahmat kimi həyatımızın kiçik, daha sürətli və intensiv bir simulyasiyasıdır. Bu baxımdan, ümumiyyətlə, həyatımız boyu qazandığımız bütün təcrübələr, bilik və bacarıqlar, düşüncə tərzimiz “Yüksəliş” müsabiqəsində qalib gəlməyimizə çox kömək edir. Burada mən bir haşiyəyə çıxaraq, 2008-ci ildə rejissor Denni Boyl tərəfindən çəkilmiş “Xarabalıqdan çıxmış milyonçu” filmini xatırlatmaq istəyirəm. Belə ki, orada da baş qəhrəman keşməkeşli həyat yolunda qazandığı təcrübələrdən düzgün istifadə edərək yarışda qələbə çalır, milyonçu olur.
“Yüksəliş” müsabiqəsində, xüsusilə yarımfinal və final mərhələlərində yarışdığımız masaları bir şahmat lövhəsinə bənzətsək, burada da atdığımız hər düzgün addım, hər strateji gediş, hər hesablanmış qərar sonda qalib gəlməyimizə kömək edir.
– Müsabiqədən əvvəl “Yüksəliş” haqqında təsəvvürünüzlə qalib olduqdan sonrakı düşüncəniz arasında nələr dəyişdi?
– Açığı, bu, müsabiqəyə ikinci dəfə qatılmağımdır. 2025-ci ildə Beşinci “Yüksəliş” müsabiqəsində də iştirak etmişəm. Qalibiyyətdən məni cəmi bir bal ayırıb. Bu, əslində, həm mənim üçün gözəl bir dərs, bir təcrübə olub, həm də artıq bu il qalib olacağıma inam və əzm verirdi.
Müsabiqədə qalib olana qədər daha çox, təbii ki, keçənilki çatışmayan tərəflərim, üzərində işləməyə ehtiyac gördüyüm nüanslar üzərində çalışır və qələbə istiqamətində strategiya hazırlayırdım. Qalibiyyətdən sonra isə ilk növbədə keçici sevinc, fərəh və qürur hissləri yaşadım. Həmçinin bir qalib məsuliyyəti, “Yüksəliş” qalibi məsuliyyəti öz üzərimizdə hiss edirdik.
Daha sonra isə müsabiqənin bizə qazandırdığı imkanlardan necə daha səmərəli və faydalı yararlana bilərik, bu istiqamətdə düşünməyə başladım.
– Qalib olduğunuzu öyrənəndə ağlınıza gələn ilk fikir nə oldu?
– Çox sağ olun, məni həmin möhtəşəm və həyəcanlı ana təkrar qaytardınız. Təbii ki, çox möhtəşəm bir sevinc, qürur, fərəh hissi və “Bu dəfə bacardım, bu dəfə alındı” duyğusu idi.
Yəqin siz də razılaşarsınız ki, öz əməyinin, zəhmətinin, biliyinin bəhrəsini görmək həqiqətən də əvəzedilməz duyğulardır.
– “Yüksəliş” müsabiqəsində qalib olduqdan sonra peşəkar həyatınızda hansı yeniliklər yarandı?
– Düşünürəm ki, bu imkanlardan ən maraqlısı ölkəmizin rəhbər və nüfuzlu idarəçiləri ilə mentorluq proqramı çərçivəsində eyni layihələrdə çalışmaq, onların zəngin təcrübəsindən faydalanmaqdır.
Bununla yanaşı, müsabiqənin bizə verdiyi digər imkanlar isə xaricdə təhsil üçün şanslar yaradır. Bundan başqa, bütün müsabiqə iştirakçıları, xüsusilə də qaliblərlə qurulmuş peşəkar əlaqələr bizim fərdi inkişafımıza çox böyük töhfə verir. Bunların hər biri əvəzolunmaz bir faydadır. Düşünürəm ki, onların hər birindən yararlanmaq lazımdır.
– Müsabiqənin gedişində sizi ən çox düşündürən və ya təəccübləndirən məqam nə oldu?
– Əsas təəccübləndirən və hətta bir az heyran edən məqam bu qədər genişmiqyaslı, sürətli və aktiv keçən müsabiqənin necə peşəkar, obyektiv və gözəl təşkil olunması idi. Buna görə, məncə, ümumiyyətlə, müsabiqənin ərsəyə gəlməsində və keçirilməsində əməyi keçən hər kəsə böyük bir təşəkkür düşür.
Bununla yanaşı, xüsusilə final mərhələsində bunu vurğulamaq istərdim ki, iştirakçıların hər birinin ayrılıqda yüksək peşəkarlığı, maraqlı fikirləri, innovativliyi, bilik və təcrübələri onların hər birinin faydalanmaq ehtiyacı olan şəxslər olduğunu göstərirdi.
Bu da yaxşı mənada insanı həm sevindirir, həm də bu qədər gözəl, maraqlı və peşəkar mühitdə yarışanlardan biri olduğun üçün insanda “Yaxşı ki, bu yolu keçənlərdən biri mənəm” duyğusu yaradır. Düşünürəm ki, ən maraqlı məqamlar bunlar idi.
– Qaliblərə təqdim olunan 20 min manatlıq pul mükafatı var. Bizə və tamaşaçılara maraqlıdır, siz bu vəsaiti hansı istiqamətdə sərf edəcəksiniz?
– Bunu daha öncədən də planlaşdırdığım, ixtisasım və fəaliyyət istiqamətim üzrə müxtəlif beynəlxalq kurs və layihələrə xərcləməyi düşünürəm. Eyni zamanda, xarici dil biliklərimin daha da təkmilləşdirilməsinə və mümkün olarsa, gələcəkdə xaricdə təhsil üçün xərcləməyi planlaşdırıram. Düşünürəm ki, insanın peşəkar və fərdi inkişafına yatırdığı hər sərmayə əslində bir xərc deyil, möhtəşəm bir qazancdır.