AMADA-nın ötənilki fəaliyyətinin yekunlarına dair hesabat jurnalı dərc olunub
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) şəffaflıq və hesabatlılıq prinsiplərinə sadiq qalaraq, 2020-ci il ərzindəki fəaliyyətinə dair ətraflı məlumatların yer aldığı hesabat jurnalı dərc edib.
Bu barədə AZƏRTAC-a AMADA-dan məlumat verilib.
Ötən il COVID-19 pandemiyası bütün sahələrə olduğu kimi, dopinq nəzarəti sahəsinə də təsirini göstərib. COVID-19 ilə bağlı məhdudiyyətlər və pandemiyanın yaratdığı reallıqlar digər illərlə müqayisədə tamamilə yeni və fərqli şərait yaradıb. Məhz buna görə Agentlik 2020-ci ildə işini pandemiyanın yaratdığı reallıqları nəzərə alaraq qurub və məhdudiyyətlərlə əlaqədar fəaliyyətinin davamlılığını və effektivliyini təmin etmək üçün çevik qərarlar qəbul edib. Qabaqcıl təcrübələrin və innovativ üsulların tətbiqinə hər zaman xüsusi əhəmiyyət verən AMADA bu istiqamətdə fəaliyyətini daha da təkmilləşdirib. Dopinq nəzarəti testlərinin götürülməsi prosesi idmançıların və nümunə toplama heyətinin təhlükəsizliyinin təmin olunması məqsədilə tələblərə tam uyğun şəkildə həyata keçirilib. Dopinq nəzarətinin ən mühüm vasitələrindən olan antidopinq maarifləndirməsi əsasən distant üsulla olmaqla fasiləsiz təşkil edilib. Hesabat ilində maarifləndirmə işlərində Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqi ilə bağlı məsələlər xüsusi yer tutub və AMADA bununla bağlı üzərinə düşən öhdəlikləri əvvəlcədən hazırlanan mərhələli proqram əsasında tam və vaxtında icra edib.
Ötən il AMADA qlobal antidopinq hərəkatında da fəal iştirak edərək, bir sıra beynəlxalq layihələri uğurla həyata keçirib, beynəlxalq tərəfdaşlarla keçirilən çoxsaylı görüşlər, imzalanan müqavilələrlə əməkdaşlığı daha da genişləndirib.
2020-ci il Azərbaycan üçün həm də Zəfər ili kimi tarixə düşüb. Azərbaycan otuz ilə yaxın müddətdə işğal altında qalan ərazilərini Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində azad etdi. AMADA Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərə kiçik də olsa töhfə vermək üçün müxtəlif yardım və təbliğat tədbirləri həyata keçirib.
Ötən il dünya və Azərbaycan üçün bir sıra hadisələrlə yaddaqalan və fərqli olub. AMADA bu il ərzindəki fəaliyyətində innovativ və qabaqcıl yanaşmaları tətbiq edərək fərq yaratmağa çalışıb. Elə buna görə də 2020-ci ilin yekunlarına həsr olunmuş hesabat “Fərqli” adlandırılıb. AMADA-nın fəaliyyəti ilə bağlı ətraflı məlumatların yer aldığı hesabat jurnalının elektron versiyası Azərbaycan və ingilis dillərində AMADA-nın rəsmi internet saytında yerləşdirilib.