AMEA Dendrologiya İnstitutunun cari ildəki fəaliyyətinin yekunları müzakirə edilib
Bakı, 21 dekabr, AZƏRTAC
Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov hesabat ilində laboratoriyalarda aparılan elmi-tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verib. Bildirib ki, institutda 1 problem, 8 mövzu, 8 iş üzrə 44 mərhələdə elmi-tədqiqat işi aparılıb. İnstitutun əməkdaşları tərəfindən 4 kitab, 55 məqalə və 26 tezis olmaqla 85 elmi əsər dərc edilib. Onlardan 26 məqalə və tezis xaricdə, 6 məqalə isə impakt faktorlu jurnallarda dərc olunub.
Gənc kadrlar haqqında ətraflı məlumat verilərkən qeyd olunub ki, hazırda institutda 6 doktorant, 8 dissertant, 4 magistr müvafiq mövzular üzrə tədqiqat işlərini davam etdirir. Cari ildə bir əməkdaş fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə edib. Bir nəfər isə elmlər doktoru alimlik dərəcəsi alıb, altı gənc isə müvafiq institutların magistratura mərhələsini “Botanika” ixtisası üzrə bitirib.
Tofiq Məmmədov vurğulayıb ki, Dendrologiya İnstitutu müxtəlif dövlət proqramlarının icrasında iştirak edir. Cari ildə təqdim olunan elmi-tədqiqat işlərinin nəticələrinə görə 2 patent, 2 gigiyenik sertifikat alınıb. İnstitut bir beynəlxalq qurultay və iki konfransın təşkilatçısı olub.
Hesabat iclasında institutun əməkdaşları tərəfindən təklif edilən mühüm nəticələr də müzakirə olunub. Hesabat Elmi Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul olunub.