AMEA Dilçilik İnstitutu Mingəçevir Dövlət Universitetinə kitablar hədiyyə edib
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) kitabxana fonduna 91 adda 145 kitab hədiyyə edilib. Bununla əlaqədar olaraq, dekabrın 20-də sözügedən kitabların MDU kollektivinə təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov göstərilən dəstəyə görə AMEA Dilçilik İnstitutunun rəhbərliyinə və müvafiq əməkdaşlarına təşəkkürünü ifadə edib. Kitabların MDU-da müvafiq ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini söyləyən rektor, tələbə və müəllim kollektivini hədiyyə olunan kitablardan fəal surətdə faydalanmağa dəvət edib.
Sonra MDU əməkdaşları çıxış edərək dilçilik və ədəbiyyatşünaslıq sahələrinə aid müxtəlif mövzularda universitetə təqdim olunan kitabları tədris və elmi fəaliyyət baxımından yüksək qiymətləndiriblər.