AMEA ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Yaponiyanın “Ajmedia News Portal”ı arasında əməkdaşlıq davam edir.
Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib. Qeyd edilib ki, portalda AMEA-da təşkil olunan tədbirlər, konfranslar və institutların fəaliyyətləri barədə geniş oxucu kütləsinə məlumat çatdırılır.
“Ajmedia News Portal”ında informasiyalar oxuculara 3 dildə - yapon, ingilis və Azərbaycan dillərində təqdim edilir.
Qeyd edək ki, AMEA prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində bu elmi qurumun tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunan müşavirə oxucuların diqqətinə çatdırılıb. Bundan başqa, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri Fariz İmranovun Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması barədə səsləndirdiyi təkliflə bağlı xəbər və digər materiallar da Yaponiyanın “Ajmedia News Portal”ında işıqlandırılıb.