AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
Bakı, 19 yanvar, AZƏRTAC
Ötən ildə AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) elmi müəssisələrində 34 problemə aid 75 mövzuya dair 469 tədqiqat işi, 267 mərhələ aparılıb, 37 mövzu, 393 iş, 213 mərhələ tamamlanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bunu Rəyasət Heyətinin Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş iclasında akademik Teymur Kərimli söyləyib.
Teymur Kərimli bildirib ki, 2023-cü ildə bölmə əməkdaşlarının 108 kitabı (9-u xaricdə), 65 monoqrafiyası (7-si xaricdə), 2078 məqaləsi (321-i xaricdə), 443 tezisi (122-si xaricdə), 10 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib. Bu məqalələrdən 35-i “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 1934 istinad qeydə alınıb. “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın humanitar yönümlü elmi-tədqiqat müəssisələrində Ümummilli Liderin irsinin daha əhatəli öyrənilməsi məqsədilə fundamental tədqiqatlar aparılıb, 24 kitab və monoqrafiya (“Kitabi-Dədə Qorqud eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Heydər Əliyev və klassik irs”, “Heydər Əliyev və şifahi xalq yaradıcılığı”, “Təsviri sənətdə Heydər Əliyev obrazı” və s.), 3 konfrans materialı və jurnalların 2 xüsusi buraxılışı nəşr edilib. Bölmənin alimləri AMEA Rəyasət Heyəti tərəfindən hazırlanan “Heydər Əliyev Ensiklopediyası” layihəsinin hazırlanmasında, “Şəxsiyyətin miqyası və missiyası” kollektiv monoqrafiyasının nəşrində, həmçinin AMEA Rəyasət Heyətinin rəhbərliyi ilə təşkil olunmuş 15 tədbirdə (xüsusi iclas, Ümumi yığıncaq, elmi konfranslar və s.) iştirak ediblər.
Akademik Teymur Kərimli, həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəricilərini təqdim edib, kadr potensialı və kadr hazırlığı, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər, “Vikipediya”da, eləcə də AMEA-nın müəssisələrinin saytlarının və sosial şəbəkə hesablarının fəaliyyəti barədə məlumatları diqqətə çatdırıb.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Humanitar Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin akademiyanın illik hesabatına daxil edilməsi qərara alınıb.