AMEA-nın İctimai Elmlər Bölməsi hesabat verib
Bakı, 20 yanvar, AZƏRTAC
AMEA-nın İctimai Elmlər Bölməsinin elmi müəssisələrində 2023-cü ildə 26 problemə aid 76 mövzuya dair 308 tədqiqat işi, 91 mərhələ aparılıb, 17 mövzu, 222 iş, 91 mərhələ tamamlanıb. 2023-cü ilin hesabat ilində elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən araşdırılan 40-dan çox elmi iş Qarabağa, Şuşaya həsr olunub.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə AMEA-nın İctimai Elmlər Bölməsinin 2023-cü ildəki fəaliyyətlərinə dair hesabat iclasında bölmənin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva məlumat verib.
Gövhər Baxşəliyeva bildirib ki, 2023-cü ildə bölmə üzrə 1927 əsər nəşr olunub. Bunlardan 87-si kitab (4-ü xaricdə), 58-i monoqrafiya (6-sı xaricdə) 1277-si məqalə (321-i xaricdə), 503-ü tezis (169-u xaricdə), 14-ü dərslik və dərs vəsaitidir. Bölmə üzrə 47 məqalə isə impakt faktorlu jurnalda dərc olunub, alimlərin əsərlərinə 408 istinad edilib.
“Heydər Əliyev İli” çərçivəsində görülmüş işləri diqqətə çatdıran məruzəçi vurğulayıb ki, bölmənin müəssisələrində 40-dan artıq tədbir - 7 beynəlxalq konfrans, 12 respublika elmi konfransı, 8 dəyirmi masa (onlardan 1-i beynəlxalq), 4 elmi sessiya, 8 elmi seminar keçirilib, 26 kitab və jurnal - “Heydər Əliyev və Azərbaycan SSR-in ərazi bütövlüyü məsələsi”, “Heydər Əliyev -100: Azərbaycanda arxeologiya etnoqrafiya və antropologiya elmlərinin prioritet məsələləri”, “Heydər Əliyev və türk dünyası”, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”, “Heydər Əliyev və Qafqaz problemləri” və s. adlı kitablar ərsəyə gətirilib.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə İctimai Elmlər Bölməsinin 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib. Əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb.