AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan xalqının soyqırımı” mövzusunda sərgi açılmışdır
Bakı, 29 mart (AZƏRTAC). Martın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Azərbaycan xalqının soyqırımı” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sərgidə ermənilərin törətdikləri kütləvi qırğınların və vəhşiliklərin, soyqırımı və təcavüz siyasətinin mahiyyətini əks etdirən ədəbiyyat nümayiş etdirilmişdir.
Tədbirdə AMEA MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək 31 mart soyqırımı haqqında ətraflı məlumat vermiş, ermənilərin zaman-zaman həyata keçirdikləri etnik təmizləmə siyasəti və xalqımızın başına gətirdikləri müsibətlərdən söhbət açmışdır.
Bildirilmişdir ki, daim “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşamış erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə azərbaycanlılara qarşı açıq və planlı şəkildə genişmiqyaslı qanlı hadisələr, soyqırımı törətmişlər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanın hər yerini və indiki Ermənistan ərazisindəki kəndlərini də əhatə etmişdir.
Diqqətə çatdırılmışdır ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Vurğulanmışdır ki, bugünkü sərgidə ermənilərin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətləri və soyqırımı faktlarını əks etdirən Azərbaycan, rus, Şərq, Qərbi Avropa dillərində 300-dən çox ənənəvi və virtual formada ədəbiyyat, həmçinin fotomateriallar, videogörüntülər nümayiş etdirilir.
Tədbirdə AMEA MEK-in xidmət şöbəsinin əməkdaşı Firəngiz Xanlarova nümayiş olunan ədəbiyyat haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, bir neçə bölmədən ibarət sərgidə M. S. Ordubadinin “Qanlı illər” əsəri də yer almışdır.
Sərgidə “Qanlı illər”, “Deportasiya” və Qarabağın tarixinə həsr olunmuş bölmələrdə nümayiş olunan nəşrlər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.