AMEA-nın prezidenti: Dünyada Azərbaycan-Türkiyə qardaşlığının alternativi yoxdur
Bakı, 29 sentyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevlə bağlı həyata keçirilən tədbirlərin “ana” mövzusu Azərbaycandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli “Heydər Əliyev və Türkiyə Yüz İli” mövzusunda sentyabrın 29-da keçirilən tədbirdə səsləndirib.
2023-cü ildə həm Ulu Öndər Heydər Əliyevin, həm də Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinin qeyd edilməsinin təsadüfi olmadığını deyən AMEA-nın prezidenti bildirib ki, Ümummilli Liderin Azərbaycan və Türkiyə “bir millət, iki dövlətdir” tezisi zamanın çətin sınaqlarından keçərək öz təsdiqini tapıb. Dünyada Azərbaycan-Türkiyə qardaşlığının və dostluğunun alternativi yoxdur.
İki qardaş ölkənin inkişafından və əldə etdikləri nailiyyətlərdən danışan İsa Həbibbəyli deyib: “Hazırda Azərbaycanla Türkiyə arasında əsası Ulu Öndər Heydər Əliyev və qazi Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş qardaşlıq münasibətləri özünün ən yüksək mərhələsindədir. Bizim birliyimiz həm dövlətimiz, həm də xalqlarımız tərəfindən təqdir olunur. Şuşa Bəyannaməsi ilə əlaqələrimiz strateji əməkdaşlıq istiqamətində uğurla genişlənir”.