AMEA-NIN YER ELMLƏRİ BÖLMƏSİNİN İLLİK HESABATI DİNLƏNİLMİŞDİR
Bölmədən AZƏRTAC-a bildirmişlər ki, YEB-in rəhbəri, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə hesabat məruzəsində dövlətin AMEA-ya göstərdiyi qayğı və diqqəti vurğulamış, ümummilli liderimiz Heydər Əliyevin MEA-ya dövlət statusu verilməsi, akademiyanın Nizamnaməsinin təsdiqi və əməkdaşların əmək haqlarının artırılması ilə əlaqədar verdiyi sərəncamlarını elmdə yeni inkişaf mərhələsinin başlanmasını təşviq edən mühüm sənədlər kimi yüksək qiymətləndirmişdir.
Bölmənin rəhbəri bildirmişdir ki, ötən il MEA-nın Geologiya İnstitutu ilə Dərinlik Problemləri İnstitutu birləşərək vahid Geologiya İnstitutu yaradılmışdır. Azərbaycan Milli Aerokosmik Agentliyi Yer elmləri bölməsinin tərkibinə daxil edilmişdir.
Ötən il Bölmənin elmi müəssisələri 27 problem, 60 mövzu, 87 elmi iş üzrə tədqiqatlar aparmış, fundamental elmi tədqiqatlar sahəsində 16 mühüm nəticələr əldə olunmuşdur. 17 monoqrafiya, 390 məqalə hazırlayıb çap edilmişdir. Məqalələrin 51-i xaricdə dərc olunmuşdur.
YEB-in əsas nailiyyətlərindən biri 8 cildlik “Azərbaycan geologiyası” kitabının nəşrinə başlanması və 5 cildinin artıq nəşr edilməsidir. Daha bir nailiyyət isə “Cənubi Qafqaz hövzəsinin geoloji modeli və geodinamikası” mövzusunda Dövlət proqramının hazırlanmasıdır. Proqram Xəzərin Azərbaycan sektorunda karbohidrogen ehtiyatlarının axtarışı və kəşfiyyatı işlərinin müstəqil ekspertizasını nəzərdə tutur. O, bölmədə müzakirə olunmuş və MEA-nın rəyasət heyətinə təqdim edilmişdir.
İclasda çıxış edən alimlər hesabatı müsbət qiymətləndirmişlər.