AMEA prezidenti: Akademiyanın kitabxana fondu alimlərimizin bizə bağışladığı qiymətli sərvətdir
Bakı, 25 sentyabr, AZƏRTAC
Bu gün biz AMEA-nın akademiklərinin həm kitab fondunun, həm ayrıca kitabxana fondunun, həm də oxu zalının açılışını keçiririk. Akademiyanın 1 milyon 300 mindən çox kitabxana fondunda görkəmli alimlərimizin bizə bağışladığı, onların ailələrinin hədiyyə etdiyi nəşrlər nadir kitablar sırasına daxil edilə biləcək qiymətli sərvətimizdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli jurnalistlərə müsahibəsində söyləyib.
Akademik deyib: “Xalq yazıçısı, akademik Mirzə İbrahimovun, akademiklər Həsən Əliyevin, Bəkir Nəbiyevin, akademiyanın müxbir üzvü Xudu Məmmədovun və başqalarının kitabxanaları bu fondda cəmləşdirilir. Mən istəyirəm ki, geniş ictimaiyyət bundan məlumatlı olsun və kitabxanalardan istifadə etsinlər. Bu, alimlərin çalışdığı elmi istiqamətlər əsasında formalaşdırılan nadir fond hesab edilə bilər”.