“Ana dili – qəlbin aynası” olimpiadasının ikinci mərhələsi davam edir
Bakı, 8 aprel, AZƏRTAC
Yuri Kovalyov adına 229 nömrəli orta ümumtəhsil məktəbində “Ana dili - qəlbin aynası” olimpiadasının dördüncü mərhələsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu mərhələdə Nizami və Xətai rayonlarının məktəblərinin 7-9-cu sinif şagirdləri iştirak ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin - Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, 229 nömrəli məktəbin direktoru Vüsalə Məmmədova, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina olimpiada iştirakçılarını salamlayıblar.
Olimpiada çərçivəsində məktəbə bədii kitablar və metodik ədəbiyyat təqdim edilib.
Olimpiadanın ikinci mərhələsi aprel-iyun aylarında esse formasında keçiriləcək. Bu mərhələdə Azərbaycanın şəhər və rayonlarına regional turlar təşkil olunacaq, ümumtəhsil müəssisələrinə səfərlər ediləcək. Olimpiadada 1100 məktəbli iştirak edəcək.
Builki olimpiada bir neçə əlamətdar tarixə - Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, “Rus dilində olimpiada” layihəsinin 15 illiyinə, şair və yazıçı Mixail Lermontovun anadan olmasının 209 illiyinə, azərbaycanlı şair və yazıçı Mirzə Fətəli Axundzadənin anadan olmasının 211 illiyinə həsr edilib.
Rus dilində olimpiada Azərbaycan Dillər Universitetinin və “Bank VTB - Azərbaycan” bankının dəstəyi ilə Bakıdakı Rus Evi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən keçirilir.