Ana dili hər bir xalqın mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür
Yevlax, 2 avqust, AZƏRTAC
Tarixin ağrılı-acılı sınaqlarından uğurla çıxan ana dilimiz ən dəyərli milli-mənəvi sərvətimizdir. Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Ana dili hər bir xalqın, hər bir millətin mənəvi sərvəti, mənəviyyatının güzgüsüdür. Bu baxımdan hər millətin inkişafında ən mühüm varlıq və yaşama amili olan dilin müstəsna rolu vardır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbirdə səsləndirilib.
YAP Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Ağsaqqallar Şurasının nümayəndələrinin, təhsil, mədəniyyət işçilərinin və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, Yaldili kənd tam orta məktəbinin direktoru Orxan Baxşəliyev çıxış edərək, dilimizin saflığının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən, dahi şəxsiyyət Heydər Əliyevin yürütdüyü dil siyasətindən danışıblar. Bildirilib ki, XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Dili milli amil kimi yüksək qiymətləndirən Ulu Öndər ötən əsrin 60-cı illərindən başlayaraq öz zəngin təcrübəsi, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində ardıcıl olaraq ana dilimizin dövlət dili səviyyəsində inkişaf etməsinə xüsusi diqqət yetirmişdir. O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda Ulu Öndər ana dilinin - Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi. Hər bir xalqın milli-mənəvi dəyərlərinin yaradılması və inkişaf etdirilməsində ana dilinin müstəsna rol oynadığını deyən Ulu Öndər Azərbaycan dilinin daha da zənginləşdirilməsi, dövlət dili statusunun qorunması sahəsində bir-birinin ardınca mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirirdi. Ana dilində dərsliklərin və kitabların nəşrinin genişləndirilməsi, dilçi alimlərə qayğı göstərilməsi belə tədbirlərdən idi.
Diqqətə çatdırılıb ki, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.