“Anadolu” agentliyi: “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır”
Bakı, 10 oktyabr, AZƏRTAC
Türkiyənin “Anadolu” agentliyi Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır” sərlövhəli reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda deyilir: Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayan Naxçıvanda XII əsrə aid əsərlər memarlıq xüsusiyyətləri ilə seçilir. Şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi Şərq memarlığının “incilərindən” sayılır. Təxminən 12-14-cü əsrlərdə inşa edildiyi güman olunan kompleks 1998-ci ildə UNESCO tərəfindən Ümumdünya mədəni irsi siyahısına daxil edilib.
Qarabağlar türbəsində çalışan bələdçi Şəhriyar Qasımov “Anadolu” agentliyinin müxbirinə açıqlamasında bildirib ki, tarixi əhəmiyyətli xüsusiyyətlərə malik olan türbə turistlərin böyük marağına səbəb olur. Qasımov qeyd edib ki, regiona Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin və Rusiyadan turizm turları təşkil olunur. Bildirilib ki, Qarabağlar Türbə Kompleksi 12-ci əsrdə İpək Yolu üzərində salındığı üçün karvanların keçid məntəqəsi rolu oynayıb.
Şəhərin bu istiqamətdə inkişaf etdiyini vurğulayan Şəhriyar Qasımov Osmanlı hökmdarlarından olan Süleyman Qanuninin də burada qışlaq iqamətgahının olduğunu və ilin müəyyən dövrlərində burada qaldığını deyib.
Möminə Xatın Türbəsinin isə Türk qadınlarına verilən dəyərin göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, Naxçıvanın ən məşhur memarlıq tikililərindən olan bu türbə Eldənizlər dövründə türk qadınları üçün tikilmiş monumental abidə kimi günümüzə qədər gəlib çatan əsərlərdəndir.
Reportajda Möminə Xatın Türbəsinin tikilmə tarixi barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, öz dövrünün nüfuzlu siyasi xadimi olan Möminə Xatın üçün tikilən məqbərə əhəmiyyətinə görə 12-ci əsrdə qadınlara verilən dəyərin göstəricisidir.