Anar Əliyev:Nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir
Bakı, 24 sentyabr, AZƏRTAC
Əmək, məşğulluq və sosial müdafiə sahələrində xidmətlərin rəqəmsallaşdırılmasında təqdim etdiyimiz 159 xidmətdən 140-dan çoxu tam elektronlaşdırılıb, onlardan 60 xidmət proaktiv təqdim olunur.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar Milli Həllər” mövzusunda keçirilən dəyirmi masada bildirib.
Anar Əliyev qeyd edib ki, hazırda nazirlik üzrə elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir. Onun sözlərinə görə, dövlət sosial xidmətlərin şəffaf və operativ qaydada təqdim edilməsi məqsədilə yaradılmış “DOST Mərkəzləri" ölkənin yeni brendinə çevrilib.
"Bu mərkəzlərdə əhaliyə vahid platformadan 161 xidmət təqdim edilir və sevindirici haldır ki, həmin xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,4 faizdir",-deyə nazir vurğulayıb.
A.Əliyev əlavə edib ki, səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin və əmək məhsuldarlığının artırılması, onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir: "Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə 1400 peşə və kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. Hal-hazırda ölkəmiz Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyası və 1 Protokolunu ratifikasiya etmişdir, paralel olaraq daha 4 konvensiyalarının ratifikasiya imkanları araşdırılır".