Ankarada 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Ankara, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Ankaradakı səfirliyində 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə və Azərbaycanın ictimai-siyasi xadimləri, elm və incəsənət adamları, Ankaradakı təhsil müəssisələrinin kollektivləri, ictimaiyyət, diaspor və KİV nümayəndələri, bu şəhərdə təhsil alan tələbə və müdavimlərimiz iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan, iki qardaş ölkənin dövlət himnləri səsləndikdən sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirildi.
Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş 20 Yanvarın həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birlik, fəxr və şərəf günü olduğunu qeyd edən səfir Faiq Bağırov 1990-cı il yanvarın 20-də dinc əhalinin qətlə yetirildiyini, lakin bu hadisənin xalqımızın iradəsini qıra bilmədiyini və bu azadlıq mübarizəsinin 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə nəticələndiyini diqqətə çatdırıb. Bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib, hadisənin əsl mahiyyətini dünya birliyinə çatdırıb. Ulu Öndərimizin təşəbbüsü ilə 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisi 20 Yanvarın Ümumxalq Hüzn Günü elan olunması barədə qərar qəbul edib.
Daha sonra tədbir iştirakçıları Qanlı Yanvarı əks etdirən fotosərgi ilə tanış olublar.
Sonda iştirakçılara “İrs-Miras” jurnalı və 20 Yanvar faciəsi ilə bağlı nəşrlər təqdim olunub.
Türkiyənin nüfuzlu “Yeniçağ”, “Milliyət” və “Daily Sabah” qəzetlərində səfir Faiq Bağırovun 20 Yanvar faciəsinə həsr olunan məqalə və müsahibəsi dərc olunub. Həmin materiallarda diqqətə çatdırılır ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həmin gün xalqımızın tarixində şərəf səhifəsidir. Vətəndaşlarımız torpaqlarımızı erməni təcavüzündən qorumaq və milli azadlığımız uğrunda mübarizəyə qalxaraq Azərbaycan xalqının həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qaldı. 20 Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmə tətbiq edildi. Məqalə və müsahibələrdə, həmçinin keçmiş Sovet ittifaqının süquta doğru getdiyi bir dövrdə hadisələrin xronologiyası, xalqımıza qarşı tətbiq edilən ikili standartlardan geniş şəkildə bəhs olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara