Ankarada görkəmli ədəbiyyatçı Harid Fedainin 90 illik yubileyi qeyd olunub











Ankara, 5 mart, AZƏRTAC
TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının öncülləri” layihəsi çərçivəsində gerçəkləşən 17-ci tədbir Şimali Kiprin görkəmli ədəbiyyatçısı Harid Fedainin anadan olmasının 90 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında keçirilən tədbirdə türk dünyasını təmsil edən ədəbiyyatçılar, Türkiyədən olan millət vəkilləri, o cümlədən Şimali Kiprin tanınmış simaları iştirak ediblər.
Əvvəlcə TÜRKSOY-un fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Sonra böyük ədib Harid Fedainin həyat və fəaliyyəti barədə geniş məlumat verilib və sənədli film nümayiş olunub.
Rəsmi hissə və paneldən ibarət olan tədbirdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem, tanınmış alim Hüseyn Əzilməz, yubilyarın qızı İlay Fedai Taşkın, şairə İltər Yeşilay və başqaları H.Fedainin həyat və yaradıcılığından danışıblar. Yubilyarın zəngin poeziya yaradıcılığı, pedaqoji fəaliyyəti nəsillərə örnək kimi dəyərləndirilib.
Mərasimdə türkiyəli aşıq Səlahəddin Dündar ifasında şairin şeirləri dinlənilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara