Ankarada Türkiyənin vasitəçiliyi ilə Somali-Efiopiya danışıqları olacaq
Ankara, 12 avqust, AZƏRTAC
Efiopiya və Somali nümayəndələri ikitərəfli münasibətlərdəki böhranın həlli yollarını müzakirə etmək üçün avqustun 12-də Ankaraya gəliblər.
AZƏRTAC xəbər verir ki, Afrika ölkələrinin nümayəndə heyətlərinin növbəti görüşü yenidən Türkiyənin vasitəçiliyi ilə təşkil olunub.
Ankara Efiopiya hökumətinin başçısı Abiy Əhmədin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan dəstək istəməsi ilə bağlı məktubuna cavab olaraq Əddis-Əbəbə və Moqadişo arasında danışıqlara başlayıb.
Efiopiya və Somali nümayəndə heyətlərinin Ankarada ilk görüşü iyulun 1-də xarici əlaqələr idarələrinin rəhbərləri səviyyəsində baş tutub. Onun nəticələrinə əsasən, sentyabrın 1-də “Ankara prosesi”nin ikinci mərhələsi ilə bağlı qərar qəbul edilib. Lakin Türkiyənin xarici işlər naziri Hakan Fidanın Əddis-Əbəbəyə son səfəri zamanı Efiopiya hakimiyyətinin tələbi əsasında danışıqların tarixi avqustun 12-nə keçirilib.
Rəsmi Ankara açıq şəkildə bildirib ki, iki Afrika ölkəsi arasında uzunmüddətli dialoq kanalı formalaşdırmağa çalışır.
Ziddiyyətlərin kökündə dənizə çıxışı olmayan Efiopiyanın hakimiyyət orqanlarının bu ilin yanvarın 1-də Qırmızı dənizdəki limanlardan istifadəni təmin etmək üçün tanınmamış “Somaliland” qurumunun nümayəndələri ilə saziş imzalamaq qərarı dayanır. Sazişin mətnində Əddis-Əbəbənin Somalidən ayrıldığını elan edən “Somaliland”in müstəqilliyini tanıması öhdəliyi yer alır.
Buna cavab olaraq, Somali hökuməti səfirini Efiopiyadan geri çağırıb.
Mart ayında Keniyanın paytaxtı Nayrobidə aparılan danışıqlar nəticə verməyib və Efiopiya ilə Somali arasında böhran aradan qaldırılmayıb. Sonra tərəflər Türkiyənin vasitəçiliyini qəbul ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara