ANKARADAKI HEYDƏR ƏLİYEV ADINA PARKDA İMƏCİLİK KEÇİRİLMİŞDİR
Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev AZƏRTAC-ın müxbirinə bildirdi ki, iməcilik təşəbbüsünü burada yaşayan, işləyən həmvətənlərimiz, tələbələrimiz irəli sürmüş, səfirlik isə bununla əlaqədar hazırlıq işlərini görmüşdür. Xəbər verdiyimiz kimi, 75 hektar ərazidə yerləşən Heydər Əliyev adına parkda indiyə qədər 81 min ağac əkilmişdir. İməcilik zamanı parkda daha 450 ağac əkildi, abadlıq, təmizlik, suvarma işləri aparıldı. Ulu öndərimizin xatirəsinə həsr olunan bu nəcib tədbirə ətrafda yaşayan sakinlər də qoşulmuşdular.
AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə verən parlamentin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasından millət vəkili Haluk İpəkçioğlu dedi:
- Ölkələrimiz arasında dostluq və qardaşlıq telləri tarix boyu mövcud idi. Ancaq müasir dövrdə bunu strateji tərəfdaşlıq səviyyəsinə qaldıran, sui-qəsd, dövlət çevrilişi cəhdlərinə baxmayaraq inadla, əzmlə, böyük iradə ilə Bakı-Tbilisi-Ceyhan layihəsini həyata keçirən, “Biz bir millət, iki dövlətik” demək cəsarəti göstərən əfsanəvi lider, böyük türk övladı Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyevin gördüyü nəhəng işlər yaddaşımızdan heç vaxt silinməyəcəkdir. Allah ona qəni-qəni rəhmət eləsin! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti layiqincə davam etdirməkdədir. Onun Türkiyəyə rəsmi səfəri, TBMM-dəki nitqi iki ölkə arasındakı münasibətlər baxımından tarixi əhəmiyyət kəsb etməkdədir. İşi avand, yolu açıq olsun. Türkiyə hər zaman Azərbaycanı dəstəkləmişdir və dəstəkləyəcəkdir. Bütün sahələrdə olan əməkdaşlığımız bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik.