Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə tələbələr arasında intellektual müsabiqə təşkil edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə tələbələr arasında intellektual müsabiqə təşkil edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun birgə təşkilatçılığı ilə oktyabrın 29-da Sabunçu Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilib.
Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Gənclər və İdman Nazirliyinin, Səhiyyə Nazirliyinin nümayəndələri çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formasında interaktiv təlim təşkil olunub.
Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 7 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunub. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə “3.5 KH ÜST”, “Freydin Kreslosu”, “Aypara”, “Xarıbülbül”, “İrəli”, “Cosmo Vizyon” və “Dəmir Yumruq” adlı komandalar mübarizə aparıb, Xəzər Universitetinin tələbələri (“3.5 KH ÜST”) qalib olublar.
Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun, Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplom və hədiyyələrlə mükafatlandırılıb, həmçinin digər iştirakçılara sertifikatlar təqdim edilib.
İntellektual müsabiqənin Bakı şəhərində və respublikanın digər rayon və şəhərlərində də təşkil olunması nəzərdə tutulur.