Aprel ayında havanın orta aylıq temperaturu iqlim normasından aşağı olacaqdır
Bakı, 31 mart (AZƏRTAC). Apreldə havanın orta aylıq temperaturu iqlim normasından aşağı olacaqdır. Ölkə üzrə yağıntının miqdarının normaya yaxın, bəzi bölgələrdə normadan yuxarı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 9-11 dərəcə isti (gecə 2-7, gündüz 12-16 dərəcə isti, bəzi yerlərdə temperatur 24 dərəcəyə yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (23-33 mm) yaxın olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 9-11 dərəcə isti (gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək yüksələcəkdir), yağıntının səviyyəsi normaya yaxın (34-59 mm), bəzi yerlərdə ondan yüksək olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 4-7 dərəcə isti (gecə 1-4 dərəcə isti, gündüz 7-11 dərəcə isti, bəzi günlərdə isə 18 dərəcəyədək artacaq), yağıntının miqdarı normaya uyğun (54-83 mm), bəzi yerlərdə isə normadan yuxarı olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 10-12 dərəcə isti (gecə 3-7 dərəcə, gündüz 12-17 dərəcə isti, bəzi günlərdə 25 dərəcəyədək artacaqdır), yağıntının səviyyəsi normaya yaxın (31-40 mm), bəzi bölgələrdə isə normadan yuxarı olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur 7-10 dərəcə isti (gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti, bəzi günlərdə 20 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (48-103 mm) olacaq, bəzi yerlərdə normanı ötəcəkdir.
Mərkəzi-Aran rayonlarında orta aylıq temperatur 11-14 dərəcə isti (gecə 4-9 dərəcə, gündüz 13-18 dərəcə isti, bəzən 25 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (30-34 mm), ayrı-ayrı yerlərdə normadan yuxarı olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 9-11 dərəcə isti (gecə 3-8 dərəcə, gündüz 12-17 dərəcə isti, bəzi günlərdə 20 dərəcəyə yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (41-63 mm) olacaqdır.